Oxu və onu inkişaf etdirməyin 3 üsulu
Bildiyimiz kimi ingilis dilində 4 əsas bölmə vardır. Bunlar danışıq, dinləmə, oxu və yazıdır. Bu dəfə ingilis dilinin oxu bölməsi haqqında yazacağam. Həmçinin, həmişə olduğu kimi onu öyrənməyin asan yolları haqda da məlumat verəcəm.
Öncəliklə qeyd edim ki, oxu qabiliyyəti bizə daha çox yazılanı oxuyarkən lazım olur. Həmçinin layihələrimdə də qeyd etdiyim kimi onu da deyim ki, ingilis dili internetin və mətbuatın (medianın) dilidir. Hər birimiz internətdən geniş istifadə etdiyimiz və xarici mətbuatla sıx maraqlandığımız üçün bu dildə oxu qabiliyyətimizi inkişaf etdirməliyik. Bunlarla yanaşı hər hansı bir filmə altyazılı baxarkən onu daha tez oxumaq və anlamaq, komiksləri və kitabları rahatlıqla oxuya bilmək üçün bu bölməni inkişaf etdirməyə çox ehtiyyacımız var.
Onu da qeyd edim ki, oxuyaraq siz hər bir dildə önəmli olan iki bölməni, yəni həm söz bazası, həm də qrammatikanızı inkişaf etdirmiş olacaqsınız.
1. Sözləri öyrənməyin ən yaxşı üsulu onları cümlədə işlətməkdir. Oxuyaraq isə siz sözü cümlədə görmüş olacaqsınız. Cümlənin mənasını anladıqda bu sözü bilməsəniz belə tərcüməsini anlayaraq öyrənmiş və bu sözə öyrəşmiş olacaqsınız.
2. Qrammatikanı cümlələrdə gördükcə özünüz də bunun fərqinə varmadan onu təkrar etmiş olacaqsınız.
3. Ən önəmli məqamlardan biri isə çoxlarının çətinlik çəkdiyi cümlə quruluşunu öyrənəcəksiniz və hansı sözün, birləşmənin və ya nitq hissəsinin cümlədə necə işlənməli olduğunu anlayacaqsınız.
Oxu üzərindən öyrənmək ümumi dil biliklərinizin inkişafı üçün ən önəmli və effektli üdullardandır.
İndi isə çox yazmadan üsullara keçid etmək istərdim.
Bir çox məqaləmdə olduğu kimi burada da sizlərin faydalana biləcəyiniz bir neçə üsulu qeyd etmək istərdim. Keçək üsullara.
1. Bacardığınız qədər çox oxumağa çalışın. Sevdiyiniz mövzulardan başlayın. Bu səyahət, futbol, tarix və s. ola bilər.
2. Gün ərzində bacardıqca bu bölməyə çox vaxt ayırın. Məsələ təkcə əsər, kitab və ya məqalədə deyil, bunlarla yanaşı ingiliscə gördüyünüz hər bir məlumatı oxuyub anlamağanızdı. Məsələn, sitatlar, motivasiya edici sözlər, başlıqlar, xəbərlər, bloglar və s. oxuyaraq bu bölməni vərdişə və gününüzün bir hissəsinə çevirin.
3. Ən sevdiyim üsullardan biri və bəlkə də ən maraqlısı isə komikslərlə oyrənməkdir. Belə ki, komiksləri oxumaq:
a) sizə maraqlı olacaq və bu səbəbdən də davamlı oxumanızı təmin edəcək.
b) qısa yazılar və nitq şəklində olduğundan sizləri yormayacaq və fikrinizi yayındırmayacaq.
c) dialoq (iki nəfər) və monoloq (tək şəxs) şəklində olduğundan gündəlik həyatda istifadə olunan sözləri öyrənmiş olacaqsınız.
Elmi sahə seçənlər, imtahan üçün öyrənənlər və dili daha da çox təkminləşdirmək istəyənlər isə elmi məqalələr, xəbərlər və kitablar oxuması daha önəmlidir, amma bu o demək deyil ki, sizlər komiks oxuya bilməzsiniz. Sadəcə gününüzü düzgün bölərək hər birini rahatlıqla oxuya bilərsiniz, yetər ki öyrənmək istəyin və bunun üçün vaxt ayırın.
Ümid edirəm ki, bu dəfəki məqaləm yenə də faydalı ola bildi. Suallarınız yaranarsa blog’da və ya instagram səhifəsinə yazaraq, həmçinin komment bölməsində suallarınızı qeyd edərək soruşa bilərsiniz. Hər kəsə uğurlar.
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyin.
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyin.
Comments
Post a Comment