Dinləmə və onu inkişaf etdirməyin 5 üsulu

Dinləmə və onu inkişaf etdirməyin 5 üsulu 


Dinləmə istənilən halda insan həyatının ən önəmli hissələrindən biridir. İstər gündəlik həyatda kimisə dinlədikdə, istərsə də nəyisə öyrəndikdə. Zamanla isə çoxumuzun xarici dil öyrəndikdə imtahanlardan keçmək və yüksək nəticə toplamaq üçün öyrəndiyimiz ən vacib bölmələrdən birinə çevrilir. 

Ən önəmli məqam və qeyd etməzsəm olmaz deyə hesab etdiyim bir fikir daha var. Xarici dil daha çox danışıq və dinləmə üzərində formalaşmışdır, çünki xaricə, hər hansı bir müsahibəyə getdikdə və ya əcnəbi biri ilə ünsiyyətdə olduqda sizdən ilk öncə yazı və oxu qabiliyyəti tələb olunmur. Bu bölmələrin vacib olmadığını demirəm, çünki istənilən bir dil üçün bu 4 bölmə (danışıq, dinləmə, oxu və yazı) olduqca önəmlidir, hətda ən önəmliləri. Demək istədiyim isə tam olaraq odur ki, xarici dil ilk öncə ünsiyyətdir, ünsiyyət isə danışıq və dinləmədən keçir. Danışığın inkişafı haqqında bir neçə blog yazım vardır, amma bu dəfə bu bölmənin də danışıq qədər önəmli olduğunu nəzərə alaraq dinləmənin inkişaf etdirilməsi haqqında da mütləq bir blog olsun dedim. İndi isə keçək üsullara. 

Öncə, əlbətdə ki, nəyisə öyrənəndə niyə çətinlik çəkdiyimizi anlamalıyıq sonra isə bunun həllərinə keçməliyik. Bu blogda da həmçinin belə edəcəyik. 

Başlayaq "niyə?" sualına cavabdan. Bunun bir yox, bir neçə səbəbi ola bilər. Hər kəs üçün bu fərqlidir. Səbəblər isə çox müxtəlif ola bilər. Onlardan bəzilərini və ən önəmli olanlarını qeyd etmək istəyərdim. Çətinlik yarada biləcək məqamlar:
1. İngilis dilində sözlərin yazılışı ilə tələffüzünün fərqli olması. 
2. Söz bazanızın az olması və sözlərin tələffüzünü düzgün bilməməyiniz (hətda bəzi sözlər çox oxşar tələffüz olunduğu üçün onların tələffüzünü xüsusi ilə düzgün bilmək önəmlidir). 
3. Yazılışı fərqli, amma tələffüzü eyni olan sözlər (bu zaman sözün cümlədə işlənməsinə diqqət yetirməniz vacibdir). 
4. Dinləmə uzandıqca diqqətinizin yayınması və fikrinizi cəmləməyin çətin olması. 
5. Müxtəlif dinləmələr və videoları səsləndirən insanların, əcnəbilərlə canlı ünsiyyət zamanı, xaricə getdikdə orada yaşayanlarla ünsiyyət zamanı və s. yaranan tələffüz və ləhcə fərqləri anlamaqda çətinlik yaradan səbəblərdəndir.

Burada yazdığım və bu kimi müxtəlif sayda səbəblər ola bilər, amma bu sizi qorxutmasın, çünki hər bir çətinliyin və "niyə?" sualının bir həlli və cavabı vardır. İndi isə keçək həmin cavablara və bu məsələnin həllinə. 

Həmişə olduğu kimi, bu dəfə də dinləməni inkişaf etdirmək üçün ən doğru məsləhətləri verməyə çalışacam. Başlayaq. 

1. İlk öncə söz bazanız olmalıdır və bu sözləri öyrəndikcə onların tələffüzlərinə diqqət yetirməniz ən önəmli məqamlardandır. 
2. Çalışın bütün bölmələri (danışıq, dinləmə, oxu və yazı) bərabər şəkildə öyrənəsiniz. Bunun, sizin bütövlükdə dili daha mükəmməl şəkildə öyrənməyiniz üçün əvəzsiz rolu olacaq. 
3. Dinlədiyiniz mətnləri tərcümə etməyə çalışmayın. Onları dinləyərək dil daşıyıcıları kimi və ya öz doğma dilinizdə olduğu kimi anlamağa çalışın. 
4. Ən önəmli olan hər gün ən azı 1 saat dinləmələr etməyə çalışın. Bu, yolda olarkən qulaqcıqla, qab yuyarkən, ev yığarkən və s. ola bilər. İstənilən məkanda və istənilər zaman sevdiyiniz hər hansı bir movzunu dinləyin. Anladığınız və sizə daha rahat gələcək mövzulardan başlayın. İlk dəfə dinlədikdə ümumi fikri anlayın, sonra ikinci dəfə dinləyin və bu dəfə əmin olun ki, daha yaxşı anlayacaq və daha çox söz eşidəcəksiniz. Onların tələffüzünü və mənasını öyrənmiş olacaqsınız və bu çox önəmlidir. 
5. Heç vaxt 100% anlamağa çalışmayın. Əgər dinlədiyinizin 60%-80%ni anlayırsınızsa bu yaxşıdır. Unutmayın ki, hətda dilin daşıyıcısı belə həmişə 100% anlamaya bilər. Önəmli olan mövzunu və onun nə haqda olduğunu anlamağınızdır. 

Ümid edirəm ki, bu dəfəki məqaləm yenə də faydalı ola bildi. Suallarınız yaranarsa blog'da və ya instagram səhifəsinə yazaraq, həmçinin komment bölməsində suallarınızı qeyd edərək soruşa bilərsiniz. Hər kəsə uğurlar.

Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyin.

Comments