Qrammatikanı öyrənməyin vacibliyi və asan yolları

Qrammatikanı öyrənməyin vacibliyi və asan yolları


Biz artıq lüğət haqqında danışdıq, indi isə mən sizə qrammatika haqqında danışmaq istəyirəm, o, nə dərəcədə vacibdir və niyə. Əlbətdə ki, mən onu öyrənməyin asan yolları və asan istifadəsi üçün bəzi məsləhətlər verəcəm. Gəlin başlayaq.

Bir tərəfdən, qrammatika ona görə vacibdir ki, o, sizin dili  necə düzgün, səliqəli və yerli-yerində istifadə edə bilmə bacarığınızı göstərir. Həmçinin siz məqalələr, CV’lər və ya vacib sənədləri əl ilə yazanda, düzgün cümlələr yazmalısınız. Bilirəm ki, bir çoxunuz, bizim kompyuter və telefonlarımızda xüsusi proqramlar var deyəcəksiniz, buna görə də mən vurğuladım ki, məhz əllə yazmanıza ehtiyac duyularsa, bu daha da önəmli bir məsələyə çevriləcəkdir. Digər tərəfdən isə, qrammatika öyrənməkdə vacib olan məsələlərdən biri də, ingilis dilində danışarkən nitqinizi düzgün istifadə edə bilməyinizdir və heç bir kompyuter, telefon və ya proqram bunda sizə kömək edə bilməz. Indi isə, gəlin qrammatikanı öyrənmə üsullarına keçək.



Düşünürəm ki, gün və ya həftə ərzində bir neçə saat qrammatikanı öyrənmək üçün yetərlidir, amma bu proses ( öyrənilən həmin möddət,həmin saatlar) effektli olmalıdır. Birincisi, qrammatikanı öyrənmək üçün, biz anlamalıyıq ki, əzbərdən öyrənmək yeganə yol deyil və hətda bəzən bu heç əlverişli də sayılmır, belə ki, biz öyrənəcək olduğumuz müəyyən qrammatikanı başa düşməliyik. Bu səbəbdən də, biz bu qrammatikanın niyə mövcud olduğunu anlamalıyıq, sonra isə onu harada və necə istifadə etməli və ya etməməli olduğumuzu, harada uyğundur və harada deyil, bunları müəyyən etməliyik. Yalnız bunları bildikdən sonra, biz öyrənməyə başlamağa hazırıq.

Lüğət haqqında olan məqalədə də qeyd etdiyimiz kimi, burada da ən yaxşı öyrənmə yolu qrammatikanı müntəzəm olaraq cümlədə işlətmək, cümlələr yazmaq və cümlələri bizim dildən xarici dilə çevirməkdir, bizim üçün bu dil ingilis dilidir. Müəyyən bir müddətdən sonra isə, başqalarını dinlədikcə, onların nə dediklərini anlamağa və etdikləri qrammatik səhvləri tutmağa calışın, beləcə həmin səhvləri öz nitqinizdə etməyəcəksiniz.



Hər gün özünüzlə ən azı bir dəqiqə danışmağa çalışın və hətda daha yaxşı olar ki, zəngin səsini (alarm clock) müəyyən bir vaxta quraşdırasınız, məsələn, səhər saat 9-a qoyaraq ona “gündəlik ingilis dili”, “ingiliscə danış” və ya yaxşı olar ki, özünüzə məxsus nələrsə yazasınız, “nələrsə” hansı ki, sizi ingiliscə öyrənməyə ruhlandıracaq, məqsəd və ya sitatlar kimi. Beləcə, hər gün həmin saatda özünüzlə danışaraq bir neçə cümlə quracaq, onların qrammatikasına diqqət edəcək və səhvlərinizi görərək düzəldəcəksiniz. Bu, həmçinin, zamanla vərdişə çevriləcəkdir.



Nəhayət, bir neçə faydalı məsləhət:

1. Qeyd etdiyim kimi, həm qrammatikanı, həm də sözləri öyrənmək üçün ən yaxşı vasitə danışıq klublarında iştirak etmək və özünüzü bu dillə əhatə etməkdir.
2. Hər gün və ya həftədə bir neçə dəfə yeni qrammatika öyrənməyə çalışın və buna ən azı 30 dəqiqənizi ayırın.
3. Köhnə qrammatikanı təkrar etməyi unutmayın və bunu etdikcə, əvvəllər bilmədiklərinizi aşkar edəcəksiniz, bu yolla siz qrammatikanızı inkişaf elətdirə və daha dərindən öyrənə biləcəksiniz.
4. Bacardığınız gədər çox test edin, bu sizə heç bir çətinlik olmadan qrammatikanı öyrənməyə kömək edəcək.
5. Ən çox hansı qrammatik səhvi etdiyinizi görmək üçün, qrammatikanı yoxlayan proqramlar yükləyin.

Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə facebook səhifəmizi izləyin.

Comments